Məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin təşkili mövzusunda təlimlər
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) sifarişi ilə Peşəkar Təlim və İnkişaf Mərkəzi (PTİM) tərəfindən “Məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin təşkili” mövzusunda 24 akademik saatlıq ixtisasartırma təlimləri təşkil olunub.
Təlimlərin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində öyrənmə mühitinin keyfiyyətinin artırılması, pedoqoji prosesin səmərəli təşkili və tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dəstək göstərməkdir.
Təlim proqramı çərçivəsində iştirakçılar aşağıdakı mövzular üzrə nəzəri və praktik biliklərə yiyələnmişdir:
• Uşaqmərkəzli öyrənmə yanaşmasının mahiyyəti;
• Öyrənmə prosesinin mərhələlərinin (hazırlıq, icra, nəticənin təhlili) tətbiqi;
• Təhsil prosesinin iştirakçılarının rollarının onların hüquq və vəzifələrinə uyğun müəyyənləşdirilməsi;
• Fəaliyyətlərarası keçidlərin sistemli və məzmunlu təşkili;
• Öyrənmə prosesinin keyfiyyətinin ölçülməsi;
• İnklüziv yanaşmanın tətbiqi və əhəmiyyəti.
Təlimlər iştirakçıların peşəkar inkişafına töhfə verməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin daha yüksək səviyyədə qurulmasına dəstək olmağı hədəfləyir.